11/10/2024
HÖRMƏTLİ OXUCULAR,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan "Peşə təhsili və insan kapitalı" elmi-praktiki, metodiki jurnalın (2024, cild 7, №3) növbəti nömrəsində (pedaqogika, iqtisadiyyat, texnika, beynəlxalq əlaqələr və metodika bölmələri üzrə) peşəyönümlü bir-birindən maraqlı yazılarla tanış ola bilərsiniz.
Jurnalın 6-cı səhifəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Yusif Axundovun "Peşə təhsilinin Azərbaycanın dayanıqlı inkişafında və sosial rifahının yüksəlməsində rolu" adlı məqaləsində müəllif son illər ölkəmizdə peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində mühüm addımların atıldığını önə çəkərək qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı peşə sahəsinə göstərilən diqqətin nəticəsində yeni zirvələrə qalxır, sosial inkişafda mühüm fəaliyyətlər əldə edir.
2023-2024-cü tədris ili ərzində peşə təhsilinin maarifləndirilməsi və təbliği istiqamətində genişmiqyaslı fəaliyyətlərin həyata keçirilməsi, eləcə də dəyişən bazarın tələbləri nəzərə alınaraq, 2024-2025-ci tədris ili üçün "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda yeniliklərin edilməsindən, peşə təhsili müəssisələrinə tələbə qəbulu planına 9 yeni ixtisasın, o cümlədən 2 yüksək texniki-peşə təhsili, 7 texniki-peşə təhsil səviyyələri olmaqla əlavələrin edilməsi ölkənin iqtisadi siyasətinin prioritetlərini və sosial-iqtisadi hədəflərini əks etdirən mühüm addımların atıldığından bəhs etmişdir.
Jurnalın 10-cu səhifəsində AR Təhsil İnstitutunun baş elmi məsləhətçisi, pedaqoji elmlər doktoru, professor, Qabaqcıl təhsil işçisi Vidadi Xəlilovun "Mütaliə mədəniyyəti" sərlövhəli məqaləsində incəsənətin növlərindən danışılır. Müxtəlif nəsillərdən olan insanların mənəvi zənginliyində, şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən mütaliə prosesinin əsas mahiyyəti, başlıca istiqamətləri yer almışdır.
Junnalın 13-cü səhifəsində isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsilverənlərlə iş şöbəsinin müdiri Nərmin Məmmədova Sadıxlının "Peşə təhsilində yeni ixtisasların tədrisi zamanın tələbidir" adlı məqaləsində 2024-2025-ci tədris ilində peşə təhsili üzrə təklif edilən yeni ixtisaslar və onların Azərbaycanın müxtəlif sektorlarının – enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və xidmət sahələrinin gələcək inkişafına töhfəsi öz əksini tapmışdır.
Jurnalın 35- ci səhifəsində ARKTN-nin Baytarlıq Elmi-Tədqiqat İstitutunun baş elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Niyazi Nəcəfovun "Arıların zəhərlənməsinə səbəb olan əsas amillər" mövzusuna həsr olunan məqaləsində müəllif bal arılarının inkişafına, sağlamlığına və məhsuldarlığına təsir edən bir çox amillərdən bəhs etmişdir.
Jurnalın 72-ci səhifəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsil verənlərlə iş şöbəsinin Təhsil verənlərlə iş sektorunun müdiri Könül Ələkbərovanın "Peşə təhsilində innovativ yanaşma" adlı məqaləsində Agentliyin müxtəlif istiqamətdə həyata keçirdiyi proqram və layihələri dəstəkləməklə, Azərbaycanın kənd təsərrüfatı sektorunda səmərəli və dayanıqlı inkisafın təmin olunmasına, eləcə də beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqinə mühüm töhfə verməsi və s. fikirləri yer almışdır.
Bu məqalələrlə yanaşı, adlarını qeyd etmədiyimiz digər maraq doğuran yazılar da vardır ki, onlarla tanış olmağı sizlərin ixtiyarına buraxırıq!