30/10/2024
Ədaləti mühakimə edənlərə qarşı “ədalət mühakiməsi”nin ədalətsizliyi
Hörmətli oxucular,
Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsindən məlum olduğu kimi hamı qanun və məhkəmə qarşısında bərabər olmalıdır.
Bununla əlaqədar olaraq həmin maddənin V hissəsində birmənalı şəkildə qeyd olunur ki, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətdə hər kəsin bərabər hüquuqlarını təmin etməlidirlər.
İlk baxışdan zəmanətverici hüquqi norma kimi görünən bu konstitusion hüquq normasının pərdəarxası prinsiplərinin əsasında isə tamamilə başqa bir reallığın dayandığı aşkar edilmişdir.
Belə ki, 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən, az ağır cinayət törətmiş şəxslərlə bağlı mümkün qədər həbs qətimkan tədbbirlərinin seçilməməsi cinayət prosesini həyata keçirən orqanlara tövsiyə edilmiş və belə hallarda alternativ növlərin tətbiqi nəzərdə tutulmuşdur.
Ölkə başçısının bu Sərəncamından sonra cinayət prosesini həyata keçirən orqanlar əks mövqe seçərək az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsində ittiham ettməklə barələrində həbs qətimkan tədbirinin seçilməsinə nail olmuşlar.
Statistik məlumatlar təhlil edildikdə (təbii ki, bu məlumatlar əsl həqiqəti özündə əks etdirirsə) müəyyən etmək mümkündür ki, 2017-ci ildən başlayaraq bu günə qədər cinayət törətmiş şəxslərin (və ya sifarişlə həbs edilən şəxslərin) böyük əksəriyyəti ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilərək məhkum edilmiş şəxslərdir.
Cəzaçəkmə müəssisələrinin növünü müəyyən edən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 66-cı maddəsinin tələblərindən məlum olduğu kimi cəzaçəkmə müəssisələri məntəqə tipli, ciddi, xüsusi rejimli cəzaçəkmə müəssisələrinə, tərbiyə müəssisələri isə ümumi və möhkəm rejimli müəssisələrə bölünürlər.
Burada qeyd olunan ümumi rejimli cəzaçəkmə müəssisələri isə 2 hissəyə bölünmüş və az ağır cinayət törətmiş şəxslərlə ilk dəfə ağır cinayət törədərək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə məhkum edilmiş şəxslərin ayrılıqda saxlanılmaları nəzərdə tutulmuuşdur.
Bundan əlavə ilk dəfə və ya dəfələrlə ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər ciddi rejimli, xüsusi rejimli cəzaçəkmə müəssisələrində və həbsxanalarda saxlanılırlar.
Bu növ cəzaçəkmə müəssisələrində saxlanılan ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslərin 2017-ci ildən əvvəl və sonra müqayisəli təhlili aparılmaqla müəyyən edilir ki, cinayət prosesini həyata keçirən orqanlar Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamından sonra az ağır cinayət törətmiş şəxsləri və sifarişlə həbs olunan şəxsləri ağır və ya xüsusilə ağır cinayət törədilməsində ittiham edərək məhkum etmişlər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində təsbit olunan cinayətlərin təsnifatından görünür ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayət, qəsdən törədilməsinə görə isə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.
İstinad olunan bu maddi hüquq normasının tələblərindən göründüyü kimi ağır cinayətlərin sanksiya həddi on iki ilədək, xüsusilə ağır cinayətlərin sanksiya həddi isə on iki ildən artıq olaraq müəyyən edilmişdir.
Buna uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsində (müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) qeyd olunur ki,az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə və xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Məhz istinad olunan bu maddi hüquq normalarının tələblərinə münasib mövqe seçmiş cinayət prosesini həyata keçirən orqanlar ağır cinayətlərin törədilməsində ittiham etdikləri şəxsləri on ildən artıq bir müddətdə azadlıqdan məhrum etmə cəzalarına məhkum edirlər.
Xüsusən də sifarişli cinayət işlərinin istintaqı zamanı müstəntiq və prokurorlar yalançı şahidlərdən, zərərçəkmiş şəxslərdən və mülki iddiaçılardan məqsədyönlü şəkildə bilə-bilə yalan ifadələr almaqla hədəf seçdikləri “təqsirləndirilən şəxslər”i bu yolla on ildən artıq bir müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum etməyə nail olurlar.
Burada maraqlı və məntiqli sual yaranır: “Niyə axı məhz on ildən artıq bir müddətdə bu şəxslər azadlıqdan məhrum edilirlər?”
Əsasən sifarişli cinayət işlərinin istintaqı zamanı ənənəvi hala çevrilmiş bu üsuldan istifadə edilməsi yalançı şahidlərin, saxta zərərçəkmiş şəxslərin, əsassız mülki iddiaçıların və xüsusilə də cinayət prosesini həyata keçirmiş prosessual şəxslərin (müstəntiq, prokuror, hakim) toxunulmazlığının (təhlükəsizliyinin) təmin olunması məqsədini daşıyır.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci fəslində yer alan ədalət mühakiməsi əleyhinə olan cinayətlərin sanksiya hədlərindən görünür ki, təqsiri olmayan şəxsi bilə-bilə ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham edərək cinayət məsuliyyətinə cəlb edən müstəntiq və ya prokuror üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər ki, bu cinayətin də törədilməsi az ağır cinayətlər kateqoriyasına aiddir.
Eynilə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı cinayət işlərinin istintaqı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya müdafiəçinin sübutları saxtalaşdırması beş ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiqini nəzərdə tutur.
Habelə məhkəmədə və ya ibtidai istintaqda ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin istintaqı zamanı yalan ifadə vermiş şahidlərin və zərərçəkmiş şəxslərin, eləcə də bilə-bilə rəy vermiş ekspertlərin törətdiyi bu əməllərə görə iki ildən altı ilədək azadlıqdan məhrum etmə cəzasının tətbiqi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin 2-ci hissəsindən məlumdur ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən ekspertlərin rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübutların mənbəyi kimi göstərilmişdir.
Belə olduğu halda cinayət işini öz icraatına qəbul edən müstəntiq və ya prokuror cinayət işinin istintaqı zamanı ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham etdiyi təqsirləndirilən şəxsə qarşı bilə-bilə yalançı şahidlərin və zərərçəkmiş şəxslərin ifadələrindən, eləcə də ekspertlərin bilə-bilə verdikləri yalan rəylərdən mötəbər sübut kimi istifadə etməklə ağır və ya xüsusilə ağır cinayətin törədilməsində təqsirləndirilən şəxsi ittiham etməsinin əsasında hansı “ədalət prinsipi” dayanır?!
Necə ola bilər ki, sifarişli, saxta və məqsədyönlü şəkildə istintaq olunmuş cinayət işi üzrə ağır cinayətin törədilməsində təqsirləndirilən şəxs on iki ilədək, xüsusilə ağır cinayətin törədilməsində təqsirləndirilən şəxs isə iyirmi ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş olsun, ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsində təqsirsiz olan belə şəxsləri şahid və zərərçəkmiş şəxslərin yalan ifadələri, eləcə də ekspertlərin yalan rəyləri əsasında sübutları saxtalaşdırmaq yolu ilə bilə-bilə cinayət məsuliyyətinə cəlb edən müstəntiq və ya prokuror isə qanun qarşısında yalnız az ağır cinayətin törədilməsi ilə məsuliyyət daşımış olsun?!
Eynilə bu əməllərin törədilməsində iştirakçılığa cəlb olunmuş yalançı şahidlərin, zərərçəkmiş şəxslərin və ekspertlərin də qanun qarşısında məsuliyyəti az ağır cinayətin törədilməsi ilə kifayətlənmiş olsun?!
Burada xüsusilə nəzərə alınmalıdır ki, təqsirsiz şəxsin ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham edilərək cinayət məsuliyyətinə cəlb olunması ilə müstəntiq və ya prokuror insan həyatına birbaşa qəsd etməklə bilavasitə dövlət hakimiyyəti orqanlarının nüfuzuna mühüm (əhəmiyyətli) zərbə vurmuş olur.
Cinayət prosesini həyata keçirən orqanın bu dərəcədə ağır nəticələrə səbəb olan cinayətkar əməlinin qarşılığında belə əməllərin törədilməsinə baiskar olan şəxslərin az ağır cinayətlərin törədilməsi ilə məsuliyyət daşımalarının əsasında hər kəsin qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin izləri görünürmü?!
Düşündürücü məqamlardan biri də odur ki, istər əmək fəaliyyətim dövründə, istərsə də hal-hazırda “cəza çəkdiyim” 7 (yeddi) ildən artıq bir müddətdə hər hansı bir təqsirsiz şəxsi bilə-bilə cinayət məsuliyyətinə cəlb edən müstəntiq və ya prokurorun bilə-bilə yalan ifadə vermiş şahid və ya zərərçəkmiş şəxsin, bilə-bilə yalan rəy vermiş ekspertin, xüsusilə də bilə-bilə ədalətsiz məhkəmə aktını çıxarmış hakimin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 290-297-ci maddələri ilə ittiham edilərək heç olmasa az ağır cinayətin törədilməsi ilə məhkum olunmalarının da şahidi olmamışam.
Real vəziyyətə uyğun olaraq qənaətə gəlmək mümkündür ki, yalançı şahidlər, yalançı zərərçəkmiş şəxslər, bilə-bilə yalan rəy vermiş ekspertlər, təqsirsiz şəxsi cinayət məsuliyyətinə cəlb etmək niyyətində olan müstəntiq və prokurorlar, eləcə də ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən şəxsi (lakin təqsirsiz şəxsi) mühakimə edən hakimlər şəxsiyyət və dövlət əleyhinə törətdikləri bu cinayətlərin sabit cinayətkar birlik şəklində birgə həmiştirakçılarıdırlar.
Müşahidə olunan ənənəvi hallardan biri də odur ki, ağır və ya xüsusilə ağır cinayətin törədilməsində və ya sifarişlə istintaq olunan cinayət işlərində ittiham edilərək mühakimə olunan şəxslər on ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinin 3-cü hissəsinin tələblərinə müvafiq olaraq yalnız təyin olunmuş cəzanın ən azı üçdə iki hissəsini və ya ən azı dörddə üç hissəsini çəkdikdən sonra cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmək imkanı əldə edirlər.
Burada maraqlı və məntiqli sual yaranır: “Niyə məhz təyin olunmuş cəzanın ən azı üçdə iki hissəsini və ya dörddə üç hissəsini?”
Təxminən on il müddətinə azadlıqdan məhrum etmə cəzasının üçdə iki hissəsi altı il səkkiz ay, dörddə üç hissəsi isə yeddi il altı ay təşkil edir.
Yalnız bu müddət tamam olduqdan sonra (ən azı) şəxs vaxtından əvvəl şərti olaraq cəzasının qalan hissəsindən azad olmaq hüququna malik olur.
Bu hüququn reallaşdırılması üçün ən azı altı ay müddət tələb olunur ki, bu da şəxsin on illik cəzasının yeddi ildən artıq hissəsini çəzaçəkmə müəssisəsində çəkməsinə səbəb olur.
Bununla da yalançı şahidləri, yalançı zərərçəkmiş şəxsləri, bilə-bilə yalan rəy vermiş ekspertləri, təqsirsiz şəxsi bilə-bilə cinayət məsuliyyətinə cəlb etmiş müstəntiq və prokurorun ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı az ağır cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti (yeddi il) artıq keçmiş olur.
Göründüyü kimi təqsirsiz olaraq ağır və ya xüsusilə ağır cinayətin törədilməsində təqsirləndirilən şəxs təqsiri sübuta yetirilməsə də yeddi ildən artıq müddətdə cəza çəkməyə məcbur edilməklə yeddi ildən sonra artıq öz təqsirsizliyini sübut etmiş olsa da buna görə nə yalançı şahid, nə yalançı zərərçəkmiş, nə də saxtakar müstəntiq və ya prokuror qanun qarşısında heç bir məsuliyyət daşımır.
Budur yaşadığımız ölkənin “hüquqi dövlət” prinspinin təməli?!
Budur hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi?!
Budur ədalət və qanunçuluq prinsiplərinin əsasları?!
Qeyd olunan faktların mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər sübutların sizlərin müzakirəsinə təqdim olunması mümkündür.
Yetər ki, buna dözməyə səbriniz, iradəniz və qətiyyətiniz olsun
Mövzu ətrafında ardıcıl araşdırmalar davam etdiriləcəkdir.
Hörmətlə,
09 saylı çəzaçəkmə müəssisəsində sifarişli həbsdə saxlanılan hüquq üzrə fəlsəfə doktoru Telman İbad oğlu İbadov
15 avqust 2024-cü il