30/03/2024
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Avropa İttifaqının Ermənistandakı missiyası “NATO missiyasına çevrilir”.
O, “İzvestiya”ya müsahibəsində deyib ki, Ermənistan rəhbərliyi, “açığını desək, uydurma bəhanələrlə son üç-üç il yarımın tarixini təhrif edərək, qəsdən Rusiya ilə münasibətlərin pozulmasına gətirib çıxarır”.
Lavrovun sözlərinə görə, Yerevanın bu kursu Gümrüdəki 102-ci hərbi bazada xidmət edən rusiyalı hərbçilərə, sərhədçilərə, eləcə də bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) “qara yaxmasında” özünü göstərir.
Rusiya XİN rəhbəri bildirib ki, bu gün Yerevanda xatırlamırlar ki, “məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərində gərginliyi azaltmaq üçün öz sülhməramlı missiyasını bu ölkəyə göndərməyə hazır olub”.
Lavrov qeyd edib ki, bu missiyanın mandatı 2021-ci ilin payızında Yerevanda keçirilən nazirlər görüşündə tam razılaşdırılmışdı.
“Səhər Prezidentlər və Baş nazirlər artıq görüşəndə cənab Paşinyan dedi ki, konsensus yoxdur. Və bir neçə gün sonra o, Aİ-nin bunun kimi sülhməramlı missiyasını Ermənistana dəvət edərək, Azərbaycana bunun cəmi iki ay davam edəcəyini vəd etdi. İki ay sonra isə Aİ Azərbaycana məhəl qoymadan, bu missiyanı ikiqat artırıb. İndi də oraya Norveç, Kanada və ABŞ-dan hərbi qulluqçular göndərilir. Avropa İttifaqı missiyasını NATO missiyasına çevirir”, - Lavrov deyib.
Avropa İttifaqı Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində ötən ilin fevralından bəri Ermənistanda mülki missiyaya başlayıb.
2023-cü ilin dekabrında Aİ Ermənistandakı müşahidəçi missiyasının sayını 138-dən 209 nəfərə qədər artırmaq qərarına gəlib.
Azərbaycan da Ermənistanda Aİ-nın missiyasının mövcudluğundan narazılığını bəyan edib.
Rəsmi Yerevan hesab edir ki, Avropa missiyasının Ermənistanda yerləşdirilməsi regionda davamlı sülhün və sabitliyin bərqərar olması məqsədi daşıyır.