25/01/2022
Rusların belə bir deyimi var. Döyüşə-döyüşə kəşfiyyat etmək. Mənası budur ki, düşmənin elə sirləri var, onu dəqiqliyilə yalnız kiçik miqyaslı döyüşə girməklə öyrənmək olar.
Ötən ilin yazında və payızında Rusiya Ukraynanı 100 minlik ordu ilə təhdid etməyə başlayanda hələ müəyyən etməmişdi ki, Ukraynaya müdaxilə qərarı olacaq, yoxsa yox. Belə düşünürdü ki, Qərbə və Ukraynaya istədiyini əldə etmək üçün hətta böyük savaşdan, Ukraynaya irimiqyaslı müdaxilədən də çəkinməyəcəyini nümayiş etdirməlidir. Düşünürdü ki, yalnız belə bir ciddi təhdiddən, savaş təhlükəsini real etdikdən sonra dəqiq bilər ki, Qərb böyük qarşıdurmaya nə qədər hazırdır, Ukrayna xalqı nə qədər cəsarət və qətiyyətlə vuruşmağa hazır olacaq, Ukraynaya hansı xarici dəstək veriləcək və bu, hansı miqyasda olacaq, Rusiyanın Ukraynaya olası müdaxiləsinə beynəlxalq aləmin reaksiyası necə olacaq və ən vacibi, Ukraynaya olası müdaxilə Rusiyaya neçəyə başa gələcək. Bütün bunları öyrənib sonra yekun qərarı verər. Etiraf edək ki, bu kimi sualların cavablarını həqiqətən də savaş təhlükəsini reallığa çevirmədən öyrənmək mümkün deyildi. Rusiya rəhbərliyi Ukrayna sərhəddinə qoşun toplayıb, ABŞ və NATO-ya faktiki ultimatum verəndə də düşünürdü ki, savaş ritorikasını gücləndirsin, ortaya qətiyyətli mövqe qoysun, sonra yuxarıda qeyd etdiyimiz sualların cavabını öyrənərək son qərarı versin.
İndi artıq yuxarıdakı sualların cavabını nəinki Rusiya, hətta bütün dünya bilir. Rusiyanın müdaxilə hədəsi bu məsələləri aydınlaşdırdı:
1. Kollektiv Qərb Rusiyanın ultimatumlarından qorxmadı. Real savaş təhlükəsi qarşısında parçalanmadı, əksinə birləşdi. NATO genişlənməkdə davam edəcək. Üstəlik, NATO Şərqi Avropada və Baltik respublikalarında hərbi iştirakını gücləndirəcək. İlkin olaraq 5 min nəfərlik, müdaxilə başlansa, 50 min nəfərlik NATO hərbi kontingenti bu ölkələrdə - Rusiyanın sərhədlərində yerləşəcək. Bu nəticə Rusiyanın hərbi ritorika ilə əldə etmək istədiyi nəticənin tam əksidir.
2. ABŞ və NATO Ukrayna üçün vuruşmayacaq (belə də gözlənilirdi). Ancaq ABŞ, Böyük Britaniya başda olmaqla NATO-ya üzvü olan azı 7-8 dövlət Ukraynaya müasir öldürücü silahlar verəcək, hərbi təlimatçılar Ukrayna ordusuna kömək edəcək. NATO Ukraynanı dəqiq kəşfiyyat məlumatları ilə təmin edəcək. Bütün bunlar Ukraynanın müqavimət imkanlarını ciddi artıracaq.
3. ABŞ-ın, Böyük Britaniyanın, Türkiyənin, Baltik respublikalarının Ukraynaya verdiyi müasir silahlar, Avropa Birliyinin hələ savaş başlamamış Ukraynaya ayırdığı 1.2 milyard avroluq yardım Ukrayna ordusunu xeyli gücləndirib. Xüsusilə də Rusiya tankları və zirehli texnikası, hətta bütövlükdə quru qüvvələri artıq Ukrayna üçün vahimə yaradan, qarşısıalınmaz qüvvə deyil.
4. İndi Rusiyanın əsas hərbi üstünlüyü Hərbi Hava Qüvvələrində, donanmada və raket sistemlərindədir. Çoxsaylı müharibə təcrübələri göstərir ki, havadakı üstünlük ən qiymətli hərbi üstünlük olsa da, tam və qəti qələbə - işğalın başa çatması üçün yetərli deyil.
5. Rusiya hakimiyyətinə yaxın politoloqlar da etiraf edir ki, Rusiya informasiya savaşını da artıq uduzub. Beynəlxalq ictimai rəy gərginliyi, savaş təhlükəsini məhz Rusiyanın yaratdığını düşünür. Olası müharibəyə görə mənəvi-siyasi məsuliyyət Rusiyanın üzərində qalacaq. Olası savaş Rusiyanın beynəlxalq aləmdən təcridini gücləndirəcək.
6. Ukrayna xalqının və ordusunun döyüş əzmi yüksək görünür. Aldıqları beynəlxalq dəstək, xüsusilə də müasir silahlar onları daha da cəsarətləndirib. Ona görə də Ukrayna ordusunun olası müdaxiləyə ciddi müqavimət göstərəcəyini indi hesablamaq çətin deyil.
7. Artıq o da məlumdur ki, Ukraynaya olası müdaxilə Rusiyaya sözün birbaşa mənasında çox bahaya başa gələcək. Rusiyaya qarşı çox ağır iqtisadi sanksiyalar qoyulacaq. Bu sanksiyalar Rusiya iqtisadiyyatına 100 milyardlarla dollar, hətta işğal uzansa trilyonlarla dollar zərər vuracaq. Üstəlik, müharibə xərcləri və Qərblə silah yarışına girmək Rusiyanın onsuz da zəif olan iqtisadiyyatını çökdürəcək. Hələ savaş başlamadan Rusiya fond bazarının çöküşü, rublun sürətlə ucuzlaşması Rusiya iqtisadiyyatını gözləyən böyük böhranın ayaq səsləridir.
8. Rusiyanın Ukraynaya olası müdaxiləsi keçmiş Sovet respiblikaları olmuş hazırki müstəqil dövlətlərin hamısını qorxudacaq, narahat edəcək. Bu dövlətlərin Rusiyadan daha da aralanmaq arzusunu artıracaq. Bu da Rusiyanın arzuladığı nəticənin tam əksidir. Rusiya rəhbərliyini bu müdaxiləyə həvəsləndirən "ideoloqların" əsas məqsədi təkcə Ukraynanı işğal etmək yox, həm də hansısa formada Rusiya imperiyasını bərpa etməkdir. İndi artıq aydın görünür ki, tam əksinə, olası müdaxilə keçmiş SSRİ coğrafiyasında Moskvadan uzaqlaşmaq və Qərbə inteqrasiya olunmaq meyllərini artıracaq.
9. Bəlkə də Rusiya rəhbərliyinin qərarına ən çox təsir edəcək daha bir nəticə də ondan ibarətdir ki, Ukraynaya olası müdaxilə rus xalqında məsələn, Krimın işğalı zamanı olduğu kimi eyforiya yaratmır. Tam əksinə, hakimiyyət mediasının bütün cəhdlərinə baxmayaraq Rusiya əhalisi bu savaşa can atmır, həvəsli deyil. Savaşın labüd ağır sosial-iqtisadi nəticələri və hərbi itkilər isə Rusiyada savaş əleyhdarlarını çox artıracaq. Hakimiyyətin davamlılığına risklər artacaq.
Beləliklə, yazının əvvəlində qeyd etdiyim kimi, Rusiya real savaş təhlükəsi yaratmaqla olduqca qiymətli kəşfiyyat məlumatları əldə etdi. İndi artıq Rusiya rəhbərliyi yaxşı bilir ki, Ukraynaya olası hərbi müdaxilədə hansısa hərbi uğur əldə edilsə də, bu, həqiqətən də çox bahalı hərbi uğur, sonradan Rusiyanın özünün əleyhinə çevriləcək Pirr qələbəsi olar. Rusiya dünyadan sərt təcrid olacaq, sosial-iqtisadi böhran dərinləşəcək, yeni Soyuq Müharibə və silah yarışması sanksiyaların zəiflədəcəyi Rusiya iqtisadiyyatını daha da çökdürəcək, ölkədaxili narazılıqlar artacaq. Və bütün bu ağır nəticələr müqabilində belə Ukrayna xalqını tam olaraq ram etmək, işğalla barışdırmaq mümkün olmayacaq.
Məntiq deyir ki, bütün bu labüd nəticələr bilindikdən sonra Rusiya rəhbərliyi savaş ssenarisindən imtina etməlidir. Başa düşürəm, son aylarda Rusiya rəhbərliyi savaş ritorikasını elə gücləndirib ki, indi heç nə etmədən geri çəkilmək müəyyən reputasiya itkisinə səbəb olar. Ancaq Rusiya rəhbərliyi gərək bundan qorxmasın. Əvvəla, ölkənin çox ağır itkilərə məruz qalmasındansa reputasiya itkisi daha məqbul və daha az zərərdir. İkincisi, Rusiya dayanmağa, gərginliyi aradan qaldırmağa hazır olsa, sifəti saxlamağa, pərtçiliyi pərdələməyə Qərb də kömək edər. İstənilən halda Rusiya rəhbərliyinin savaş ssenarisindən imtinası zərərin yarısından qayıtmaq, rus, ukrayna xalqlarını, biz qonşuları və bütün dünyanı rahatladar.