21/06/2024
Sosial fəlakətlərdən biri də qumardır. Təəssüf ki, qumar oyunları üçün ölkəmizdə münbit şərait var, kiv vasitəsilə rəsmi təbliğ edilir və qumarın arxasında dövlətin rəsmi qurumları dayanır.
Qumar asılılığı əhalinin təxminən 5%-də müşahidə edilir və bütün gəlir qruplarından olan insanlarda formalaşmaqdadır. Xüsusilə 30-60 yaş aralığında kişilərdə daha çox rast gəlinir. Bu problem, gənclər arasında da artan problemə çevrilib.
Qumar asılılığı adətən başlanğıcda həvəs kimi ortaya çıxır. Lakin bu həvəs zaman keçdikcə daha çox qazanmaq istəyinə çevrilərək insanı qumara aludə edə bilir.
Səndə və yaxud yaxınlarında qumar asılılığı varmı? Aşağıdakı halların biri və ya bir neçəsi müşahidə edilirsə, deməli asılılıq yaranır.
* Davamlı qumar oynamaq barədə düşünmək
* Həyəcanı hiss edə bilmək üçün hər dəfə miqdarı artıraraq davam etdirmək.
* Qumar oyunlarını azaltmaq, nəzarət etmək və ya buraxmaq üçün uğursuz cəhdlər etmiş olmaq.
* Qumar oynamağı dayandırmaq və ya azaltmaq üçün səy göstərərkən narahatlıq hiss etmək.
* Şəxsi problemlərdən qaçmaq üçün qumar oynamaq.
* İtkiləri ödəmək üçün qumara qayıtmaq.
* Qumarın miqdarı barədə yalan danışmaq.
* Qumar üçün pul qazanmaq üçün qeyri-qanuni hərəkətlərə əl atmaq.
* Qumar oynaması səbəbindən mühüm əlaqələri, işlərini və ya təhsil imkanlarını riskə atmaq və ya itirmək.
* Maddi çətinliklərdən qurtulmaq üçün başqalarına güvənmək.
Qumar asılılığı həm asılı şəxsə, həm də onun ətrafına mənfi təsir göstərir. Bu vəziyyətin bir çox riskləri var.
Qumarbazlar vəziyyətlərini "düzəltmək" üçün çox vaxt qeyri-qanuni vasitələrə əl atırlar, sahib olduqlarını tükəndirirlər və borclanırlar.
Qumarbazlar itirdiklərini tez bir zamanda qaytarmağa ümid edirlər. Bu gözləntisi reallaşmadıqda davranışlarını, itkilərini yalanlarla gizlətməyə çalışırlar.
Onlar qumar oyunları üçün lazım olan pulu əldə etmək üçün qeyri-qanuni fəaliyyətlə məşğul ola bilərlər, o cümlədən oğurluq, fırıldaqçılıq və s.
Qumar mühüm əlaqələri, işləri və ya təhsili təhlükə altında qoya və ya məhv edə bilər.
Qumarbaz batır, batdıqca başqalarını da batırır. Çəkinmədən aldadır, yalan danışır, fırıldaqçılıq edir, and içir. Bu prosesdə o, bütün etibarını da itirir. Ailəsi, dostları ona inanmır. Qumarbaz bu prosesin sonunda canlı meyyiddir.