31/01/2024
"Söyüş QHT”lərini danışdıran nədir?"
Görəsən, bir QHT sədrini nə məcbur edə bilər ki, gecə-gündüz şərləməyi, iftira atmağı, təhqir etməyi, yalanlar uydurub başqalarını buna inandırmağa çalışmağı, görəndəki yazdığına baş qoşan yoxdur, sosial şəbəkədən yapışaraq, “facebook” divarına yazdığı statusları özünün “like” etməsini peşəsinə çevirsin, şəxsinə yaraşdırsın, tanımadığı, bilmədiyi adamlara çamur atsın?
İllərlə korrupsiya qatı bağlamış, ayrı-ayrı adamların əlində biznesə çevrilmiş QHT sektorunda cəmiyyətin çoxdandır arzusunda olduğu təmizləmə işləri, islahatlar başlayan kimi 5-6 “reket QHT” dərhal peyda olub saç yolur, ağlaşma qurur, dayanmaq nədir bilmirlər. “QHT” dedikdə bir qədər böyük çıxır, əslində “QHT sədri” demək daha doğru olardı, çünki həmin QHT-lərdə sədrlərindən başqa heç kim yoxdur. İnsafən, “haqqı itirmirlər”, əllərindən gələni də, gəlməyəni də edirlər ki, apardıqları “qaralama kampaniyası” nəticə versin. Həm cibləri sevinsin, həm də üzləri. Amma alınmır. İki cümləni ard-arda hərf səhvi olmadan yaza bilməyənlərə könül istər ki, imla yazdırsın, görəsən, onlara göndərilən hazır “statuscuqları” hər səhvi olmadan kağıza eyni ilə yaza bilərlərmi?!
Kimsə də onları inandırıb ki, “seçkiqabağıdır, nə qədər söyürsən söy, dillənən olmayacaq”, iş tərs getsə, haray sal ki, “vətəndaş cəmiyyətinə təzyiq var”, “amandır, bizi boğurlar”. Ya da bir status yaz, əvvəlində Prezidentə sadiqlikdən dəm vur, axırında da seçkilərə getməməyə çağırış et, “facebook” divarını küçə leksikonu, söhbətləri ilə doldur, “əsgər”, “şəhid”, “Qarabağ” kimi adları ucuzlaşdırmaq üçün hər şey et.
Müqəddəs nəsə olmayanda, mənəviyyat önəm daşımayanda bunları etmək utanc gətirmir. Əsas odur ki, missiya davam etsin, tapşırıq yerinə yetirilsin: QHT sahəsində sağlam, şəffaf, təmiz mühitin yaradılması üçün bütün addımlar pislənilsin, bu işi vicdanla, uğurla icra edən peşəkarları gözdən salmaq üçün nə gəldi uydurulsun, onların şərəf və ləyaqətini təhqir etməkdən belə, çəkinilməsin.
Ayrı-ayrı dairələri, lap elə bəzi həris məmurları da başa düşmək olar, onlar Əli Həsənovdan qalma irsə sahib çıxmağa ümidlərini itirmirlər, bu sektora bazar kimi baxır, ortalığı qarışdırmaq, QHT-lərlə bağlı süni narazılıq yaratmaq üçün lap xırda da olsa, bəhanə gəzirlər. Unudurlar ki, primitiv üsullar çoxdan köhnəlib, işləmir, istehza doğurur, elə sifariş verdikləri onları ələ verir.
O ki qaldı “söyüş QHT”lərinin hədyanlarına, iftiralarına məruz qalanlara, onların “şər maşını” önündə davranışı həqiqətən hörmətəlayiqdir. Dövlət tərbiyəsinə, dövlət ərkanına uyğun təmkin nümayiş etdirir, aşağı səviyyəyə enmir, intriqalara baş qoşmur və meydan vermir, əsl peşəkarlar kimi işlərini plan üzrə davam etdirir, fəaliyyəti əməldə göstərirlər.
Təbii ki, bu mərhələ də keçəcək, vətəndaş cəmiyyəti instututları sektorunda islahatlar getdikcə gücləndirilir və əhatə dairəsi genişlənir, dövlət başçısının güclü siyasi iradəsi ortadadır.
Geriyə qalan “söyüş QHT”ləri isə əvvəl-axır layiq olduqları yerlərdə - məhkəmə zallarında hakimlər qarşısında dayanacaq. Bəziləri üçün bu, təkrar olacaq. Bu dəfə çətin ki, bağışlansınlar.
P.S “Söyüş QHT”lər. Bu adı necə də özlərinə yaraşdırılar. İkrah predmetidir, deyilmi?!
Anar İsaoğlu