01/03/2023
Əhməd İsmayılovun “Media gəmisi” – Sərnişin yoxdur, əmrə müntəzir matroslar var
“Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iy verir. İllah da ət itə qismət olanda” (“Başqa Kəlamlar”)
Rusun bir məsəli var: “Nado umet stavit sebya!”. Tərcüməsi “özünü o yerə qoymağı bacarmalısan” deməkdir. Əsas məsələ “o yerin” necə bir yer olması, fərqli prizmalardan necə görünməsi və əlbəttə ki, yeni sahibinin işinin nəticəsidir. Məhz işin gedişindən, nəticəsindən asılı olaraq, “o yer” xalqın gözündə dönüb “şəhidlik zirvəsi” də ola bilər, “axırıncı rüsvayçı yol” da. Əgər bir əsgər döyüşçü yoldaşlarını xilas etmək üçün düşmən pulemyotunu qucaqlayırsa, “Vətən yolunda sinəsini sipər etdi” deyəcəklər. Yox, əgər hansısa bloger ucuz şöhrət, populyarlıq qazanmaq naminə öz atasına qarşı üsyan edirsə, “utanmasan, oynamağa nə var ki” deyəcəklər.
Azərbaycanda son illərdə təhsil nazirinin ixtisasca mütləq müəllim olması, kənd təsərrüfatı nazirinin aqronom olması, mədəniyyət nazirinin incəsənət təhsili alması kimi stereotiplər artıq qırılıb. Odur ki, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun tənqidçiləri, xüsusən də adlarını Media Reyestrinə daxil etmək cəhdləri uğursuz alınanlar onun jurnalistika təhsilinin, təcrübəsinin olmadığının altını cızmaqla heç nə qazana bilməyəcəklər. Adam özünü Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sabiq, hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərlinin yerinə qoymağı bacarıbsa, demək, daşıyacağı məsuliyyəti də, güddüyü perspektivi də, tuş gələ biləcəyi qınağı da gözə alıb.
Xatırlatmağa dəyər ki, Əhməd İsmayılovun “gəmiçilik sahəsində xidmətlərinə görə” medalı var. Yəqin ki, ən çox sevdiyi atalar sözü də “gəmidə oturub gəmiçi ilə dava etmək olmaz” tövsiyəsidir. Onun gəmisində oturmaq istəyənlər də nəzərə almalıdırlar ki, kapitanın göstərişləri, qərarları ilə birmənalı razılaşmaq zorunda qalacaqlar. Oturmuş olanlar isə artıq bu gerçəyi qəbul ediblər: onlar marşrutun həqiqətdən azıb küləyin əsdiyi istiqamətə dəyişməsinə etiraz edə biləcək sərnişinlər deyillər, əmrə müntəzir matros kimi xidmət edəcəklər.
Türkiyədə baş verən zəlzələlər Azərbaycanda da həssaslıqla qarşılandı, qardaş ölkənin on minlərlə insan itkisi dərin kədərimizə səbəb oldu. Eyni zamanda seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilən ölkəmizdə də tikilən hündürmərtəbəli binaların keyfiyyəti məsələsini aktuallaşdırdı. Çünki Türkiyədəki zəlzələnin güclü olduğuna baxmayaraq, ekspertlər hesab edir ki, binalar qanunauyğun şəkildə inşa edilsəydi, dağılmazdı. O da bəllidir ki, Vüqar Səfərli paytaxt Bakıda jurnalistlər üçün tikilib istifadəyə verilmiş iki binanın keyfiyyətindən oğurlamaqda ittiham olunub. İndi isə gəlin görək, həmin evlərdən mənzil hədiyyə almış jurnalistlər yaşadıqları, keyfiyyətindən oğurluq edildiyi aşkarlanmış binaların zəlzələyə nə dərəcədə davamlı olduğunun yoxlanılması tələbini irəli sürüblərmi? - Yox! Çünki dilləri gödəkdir. Onların bir çoxu ədalətsiz bölgü səbəbindən hədiyyə aldıqları mənzilləri haqq etməyiblər. Bir çoxu iki-üç mənzilə sahib olduqları üçün “jurdom” mənzillərini kirayəyə veriblər. O ki qaldı az bir qisim dövlətdən mənzil almağı haqq etdiyini düşünən zəhmətkeş jurnalistlərə, onlar da “bəy verən atın dişinə baxmazlar” deyiminə əməl edərək susurlar. Yəqin, onlar da “bəd ayaqda” mənzillərini kirayəyə verməyi, satmağı düşünürlər. Deməli, gəmiçi ilə də dava etməyəcəklər. Zatən onlar da mənzil alandan sonra korrupsiyaya qurşanıblar. Əvvəl KİVDF-nin, indi də MEDİA-nın donorluq etdiyi layihələrdən pul silinməsində baş redaktorlarına icraya məsul şəxslər (koordinator köməkçisi, mühasib, ekspert) kimi şərik olublar, layihə büdcəsinin “yerbəyer” edilməsinə imza atıblar.
Şübhəniz olmasın, Medianın İnkişafı Agentliyi də KİVDF-nin yolu ilə gedəcək. Qurumun donor olduğu layihələri həyata keçirən redaksiyalar yenə də layihə büdcəsinin vur-tut 5-6 faizini icraçı jurnalistlərin (heç də redaksiyanın bütün kollektivinin yox) əmək haqqına, 6-7 faizini idarənin saxlanma xərcinə, 4 faizini ezamiyyət xərclərinə, 6-7 faizini nəqliyyat xərclərinə, 6 faizini kommunikasiya xidmətlərinin ödənişinə, 40-50 faizini istehlak malları və materiallarının alınması və tədbirlərin təşkilinə siləcəklər. Redaksiyalarının sahəsi hədiyyə aldıqları mənzillərindən xeyli kiçik olan baş redaktorlar cəmiyyətə yox, donor quruma hesabat verəcəklər ki, 6 aya icra olunan layihədə işgüzar telefon danışıqlarına əmək haqqından çox pul xərclənib, guya 1000 nəfər respondentlə görüş təyin edib hərəsini 1-2 manatlıq çaya qonaq ediblər, 2000 nəfərə hərəsi 4-5 manata başa gələn anket kağızı, qəlyanaltı paylayıblar. Hər yarım ildən bir layihə pulunun dörddə birinin hesabına ofis texnikalarını təzələyəcəklər. Texnika, inventar və avadanlıq isə hər ay təmirinə pul ayrılmasına baxmayaraq, bir qayda olaraq 6 aya sıradan çıxa(rıla)caq. Heç kəsə sərf eləməyəcək ki, redaksiyalara keyfiyyətsiz texnikanı satan firmaları məhkəməyə vermək lazımdır. Ən acınacaqlı hal budur ki, tədbirlərin digər KİV-də işıqlandırılmasına layihə büdcəsinin beşdə bir hissəsi xərclənəcək. Tədbir keçirən də Media Reyestrinə üzv olan qəzetlər olacaq, onu işıqlandıranlar da. Necə deyərlər, əl əli yuyacaq, əl də üzü.
“Media haqqında” qanunun mürtəce maddələrinə etiraz etməyin də “qatarı ötüb”. O qanunu qəbul edən deputatlar daha əvvəl xalqın səsini oğurlayanda etiraz etmək lazım idi. Çıxış yolu birdir: Əhməd İsmayılovun “yox saydığı” jurnalistlər heç jurnalist kimi deyil, dövlət büdcəsinin səmərəli xərclənməsi ilə qayğılanan vətəndaşlar olaraq MEDİA-dan şəffaflıq, ictimai hesabatlılıq, Agentliyin redaksiyalara icra etdirdiyi layihələrin büdcələrinin, xərc maddələrinin, fəaliyyət planlarının cədvəl şəklində dərc olunmasını tələb etməlidirlər. Bu tələb korrupsioner, “aparıcı”, “var sayılan” baş redaktorların “yaralı yerinə” çevriləcək. Çünki onlar üçün ən müqəddəs dəyər puldur. Haram qazancdan məhrum edilərlərsə, cəmiyyət həmin layihələrə çəkilən xərclərin səmərəlilik dərəcəsini qiymətləndirmək imkanı qazanarsa, məsələn, “media kapitanlarının” hesabatlarında göstərdikləri kimi, şirniyyat yedirdikləri 1000 nəfər respondentin cəm olduğu tədbirlərin video-qeydlərini ortaya qoymağı tələb edərsə, onlar üçün MEDİA da cazibədarlığını itirəcək, layihələr də.
Pünhan ŞÜKÜR